
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Paytaxtın Xəzər rayonunda yerləşən yaşayış binasındakı mənzillərdən birində yanğın qeydə alınıb.
AzadAzərbaycan xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsindəki Mustafa Sübhi küçəsində yerləşən yaşayış binasında yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri dərhal hadisə yerinə yönləndirilib və yanğınsöndürənlərin peşəkar müdaxiləsi ilə alovun ətrafa yayılmasının qarşısı alınıb.
Aparılan əməliyyat nəticəsində dördmərtəbəli binanın ən üst mərtəbəsindəki üçotaqlı mənzilin mətbəxində qeydə alınan yanğın qısa müddətdə söndürülüb, digər mənzillər isə qorunub.
Təhlükəsizlik qaydalarını rəhbər tutan xilasedicilər tərəfindən binada yaşayan sakinlər təhlükəsiz əraziyə təxliyə olunublar.

