
ABŞ-də yoldan tapdığı meteorit sayəsində həyatı dəyişən fermer
ABŞ-nin Alabama ştatında yol üzərində qəribə bir daş tapan fermer Yulius Kempis MakKinninin taleyi bu tapıntıdan sonra tamamilə dəyişib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ-nin Alabama ştatında 1954-cü ildə yerə düşən meteoritin 1,68 kiloqramlıq parçasını aşkar edən fermer Yulius Kempis MakKinninin həyatı gözlənilməz şəkildə dəyişib.
Torpaq yolla hərəkət edərkən heyvanlarının qəfil dayanması nəticəsində qara rəngli daşı görən MakKinni onun göy cismi olduğunu anladıqdan sonra onu satışa çıxarıb. Əldə etdiyi maliyyə vəsaiti hesabına kiçik bir ferma və işlənmiş avtomobil alan fermerin satdığı həmin daş hazırda Smithsonian Milli Təbiət Tarixi Muzeyində nümayiş etdirilir.
Həmin meteoritin daha ağır olan 3,86 kiloqramlıq digər hissəsi isə hadisə baş verdiyi gün Enn Hodsun evinin damını deşərək onun yaralanmasına səbəb olmuşdu. Hüquqi anlaşmazlıqlar üzündən bu parçanı reallaşdıra bilməyən qadın sonradan onu Alabama Təbiət Tarixi Muzeyinə hədiyyə etmişdi.
Mütəxəssislərin və NASA-nın məlumatına görə, kosmik cismin birbaşa insana dəyməsi nadir hadisələrdəndir. Bu unikal olay eyni meteoritin bir parçasının mübahisələrə, digər hissəsinin isə ferma sahibinə maddi rifah qazandırması ilə yadda qalıb.




