
Almaniya kansleri Fridrix Merz türk miqrantların xidmətlərini yüksək qiymətləndirib
Almaniya ilə Türkiyə arasında işçi qüvvəsi sazişinin 65 illiyinə həsr olunan tədbirdə türk miqrantların ölkənin inkişafındakı rolu vurğulanıb.
AzadAzərbaycan xəbər verir ki, Türkiyədən gələn əmək miqrantları Almaniyanın sənaye potensialının formalaşmasında əvəzsiz rol oynayıblar. Bu barədə Almaniya kansleri Fridrix Merz işçi qüvvəsinin cəlb edilməsinə dair iki ölkə arasında imzalanmış sazişin ildönümü münasibətilə keçirilmiş tədbirdə bildirib.
Onun sözlərinə görə, ötən əsrin 60-80-ci illərində almanlarla türklərin qarşılıqlı ünsiyyəti hər iki cəmiyyəti daha müasir, dünyaya açıq və tolerant edib. Türkiyədən gələn miqrantlar Almaniyanı mədəniyyət, iqtisadiyyat, elm və kulinariya sahələrində zənginləşdiriblər.
Kansler türk mənşəli insanların göstərilən səylərə baxmayaraq, bəzən hələ də yadelli kimi qəbul olunmasını tənqid edərək qeyd edib ki, yad olanlardan qorxmaq hər bir azad cəmiyyətin zəhəridir.
Xatırladaq ki, Almaniya ilə Türkiyə arasında işçi qüvvəsinin cəlb edilməsinə dair razılaşma 1961-ci il oktyabrın 30-da imzalanıb. Almaniya iqtisadiyyatının artan işçi qüvvəsinə ehtiyacını qarşılamaq məqsədi daşıyan sazişin qüvvədə olduğu müddətdə ölkəyə minlərlə türk işçi gəlib və onların bir çoxu sonradan Almaniyada məskunlaşıb.




