
AQTİ tərəfindən 8 müəssisəyə 10 istiqamətdə HALAL sertifikatı verilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida məhsullarının İslam qaydalarına və standartlara uyğunluğunun sertifikatlaşdırılmasını davam etdirir.
Qida məhsullarının İslam qaydalarına tam uyğun şəkildə istehsal edildiyini və təhlükəsizliyini təsdiqləyən "HALAL" uyğunluq sertifikatlaşdırılması prosesi uğurla həyata keçirilir. Bu xidmət həm məhsulların keyfiyyət göstəricilərini təmin edir, həm də istehsalçıların ixrac imkanlarını və bazardakı etibarlılığını artırır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sertifikasiya şöbəsinin müdiri Vüsal Əmirxanovun bildirdiyinə görə, ölkənin bir çox böyük istehsal müəssisəsi bu xidmətdən yararlanır. Indiyədək 8 fərqli müəssisəyə 10 müxtəlif istiqamət üzrə "HALAL" uyğunluq sertifikatı təqdim edilib. Qurum Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən rəsmən akkreditasiya olunub.
Akkreditasiya proseduru İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun müvafiq standartları əsasında reallaşdırılıb. Bu səbəbdən AQTİ-nin təqdim etdiyi sənədlər beynəlxalq səviyyədə tanınır və tam etibarlıdır.
Müraciət edən qida obyektlərinin uyğunluğu və idarəetmə sistemləri yoxlanıldıqdan sonra standartlara cavab verən subyektlərə 3 il müddətinə sertifikat verilir. Sənədin qüvvədə olduğu dövrdə istehsalat prosesinə müntəzəm olaraq nəzarət edilir.




