
Azərbaycan XİN Fransa ilə bağlı vətəndaşlarımıza xəbərdarlıq etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Fransada baş verən iğtişaşlar və zorakılıqlar səbəbindən vətəndaşlarımıza səfər xəbərdarlığı ünvanlayıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransaya səyahət etməyi planlaşdıran vətəndaşlara müraciət ünvanlayıb.
Nazirlikdən bildirilib ki, son günlər Fransa ərazisində iğtişaşlar, zorakılıq halları və vətəndaş itaətsizliyi geniş vüsət alıb. Bu səbəbdən azərbaycanlılara zəruri ehtiyac olmadığı təqdirdə bu ölkəyə səfərlərdən çəkinmək tövsiyə olunub.
Hazırda Fransada olan vətəndaşlarımızdan isə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmələri, kütləvi aksiyaların keçirildiyi və toplaşma yerlərindən uzaq durmaları xahiş olunub. Eyni zamanda, rəsmi məlumat mənbələrinin mütəmadi izlənməsi vacib bilinib.
Fövqəladə vəziyyətlə üzləşən Azərbaycan vətəndaşları ölkəmizin Fransadakı səfirliyi ilə, eləcə də qurumun nömrəsində fəaliyyət göstərən qaynar xətt vasitəsilə əlaqə saxlaya bilərlər.




