
Xalq artisti Nurəddin Mehdixanlı "44" filmini yüksək qiymətləndirib
Xalq artisti Nurəddin Mehdixanlı “44” filminin son illərin ən yaxşı müharibə ekran əsəri olduğunu və Azərbaycan əsgərini düzgün əks etdirdiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, xalq artisti Nurəddin Mehdixanlı “44” filmi barədə danışarkən onun son onilliklərin müharibə haqqında çəkilən ən mükəmməl ekran işi olduğunu vurğulayıb. O, filmin gözəl aktyor oyununa və peşəkar rejissor quruluşuna malik olduğunu qeyd edib.
44 günlük Vətən müharibəsinin iştirakçısı və ehtiyatda olan zabit kimi həmin dövrü yaxından izlədiyini diqqətə çatdıran aktyor bildirib ki, ekran əsərində savaşın kəskinliyi və Azərbaycan əsgərinin rəşadəti tam şəkildə ifadə olunub. Filmdə heç bir şişirtmə və ya bəzəməyə yol verilmədiyini, hadisələrin xronoloji ardıcıllığının qorunduğunu söyləyib.
Sənətkar əsərin son dərəcə inandırıcı alındığını və insana dərindən təsir etdiyini qeyd edib. O, bu filmin Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonda bütün Azərbaycan xalqını təbrik edən Nurəddin Mehdixanlı Qarabağ savaşı ilə bağlı nəhayət ki, ciddi və keyfiyyətli bədii sənət əsərinin ortaya qoyulduğunu qeyd edib.




