
Bakının Nəsimi rayonunda genişmiqyaslı yeni park kompleksinin inşasına başlanılıb
Paytaxtın Nəsimi rayonunda təxminən 10 hektar ərazini əhatə edəcək yeni müasir parkın salınması işlərinə start verilib.
AzadAzərbaycan xəbər verir ki, Bakı şəhərində paytaxt sakinlərinin istirahəti üçün növbəti yeni parkın yaradılması istiqamətində işlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, inşa olunan yeni istirahət məkanı Nəsimi rayonu 28 May küçəsindən "The Ritz-Carlton Baku" otelinə qədər olan sahəni əhatə edir. Qeyd olunan ərazi əvvəllər Vaqon təmiri müəssisəsinin balansında olub və park üçün nəzərdə tutulan torpaq sahəsi təxminən 10 hektara yaxındır.
Yerli və xarici mütəxəssis memarların birgə hazırladıqları müasir layihəyə əsasən, ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki nəqliyyat hərəkəti parkın şimal-qərb sərhəddinə istiqamətləndirilir. Eyni zamanda, 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən parka rahat keçidin təmin edilməsi məqsədilə yerüstü piyada körpüsünün tikintisi də planlaşdırılır.
Hazırda layihə çərçivəsində yeraltı avtomobil dayanacağının inşasına başlanılıb. Kompleksin ərazisində müxtəlif yaş qrupları üçün uşaq oyun və idman meydançaları, tennis kortları, amfiteatr, süni göllər və su rezervuarları yaradılacaq.
Bununla yanaşı, parkda piyadaların təhlükəsizliyini təmin etmək üçün xüsusi şərait qurulacaq, velosiped zolaqları çəkiləcək, eləcə də ərazi qranit örtük və dekorativ daşlarla bəzədiləcək. Yeni istirahət zonasında geniş yaşıllıq zolaqları salınaraq müxtəlif növ ağaclar, kollar və rəngbərəng gül kompozisiyaları əkiləcək.




