
Bakıdakı restoran qətlində öldürülən şəxsin əsl kimliyi açıqlandı
Xətai rayonundakı restoranda baş verən silahlı insident zamanı qətlə yetirilən şəxsin adı rəsmən açıqlanıb. Baş Prokurorluq 13 nəfərin məsuliyyətə cəlb edildiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, Bakı şəhəri Xətai rayonunda baş verən silahlı insidentlə əlaqədar ümumilikdə 13 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə oktyabrın 23-də general Ə.Şıxlınski küçəsi, 145 ünvanında fəaliyyət göstərən "Ab-Hava" restoranında qeydə alınıb. Həmin tarixdə 1983-cü il təvəllüdlü, kriminal aləmdə "Ceyhun Sabunçu" kimi tanınan Mirağayev Cəlal Miryaqub oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Aparılan ilkin istintaq tədbirləri nəticəsində məlum olub ki, Cəlal Mirağayev ilə Emin Qoşqar oğlu Rəhimov arasında borc səbəbindən narazılıq yaranıb. Məsələni həll etmək üçün kriminal aləmlə əlaqəli digər şəxslərin də iştirakı ilə həmin gecə sözügedən restoranda görüş təşkil edilib.
Görüş zamanı tərəflər arasında yaranan münaqişə qısa müddətdə fiziki qarşıdurmaya və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan kütləvi davaya çevrilib.




