
Gəncə-Samux yolunda ağır qəza: Avtomobil işıq dirəyinə çırpılaraq iki yerə bölündü
Gəncə-Samux avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı avtomobil işıq dirəyinə çırpılıb. Qəzada ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Gəncə-Samux yolunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Samux rayonunun Sərkar kəndi ərazisindən keçən avtomobil yolunda baş verib.
Məlumata görə, "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin şiddətindən avtomobil iki hissəyə parçalanıb.
Qəza zamanı 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırma aparılır.
