
Qərbi Azərbaycanın tarixi məkanları: Amasiya kəndinin arxiv faktları
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Amasiya kəndinin tarixi, əhalisinin etnik tərkibi və soydaşlarımızın deportasiyasına dair arxiv faktları təqdim edilib.
Qərbi Azərbaycandakı tarixi məskənlərimizin öyrənilməsi məqsədilə həyata keçirilən "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində növbəti tədqiqat materialı Amasiya kəndinə həsr olunub. "AZfront" və ukraynalı tarixçi Kuzarinin birgə hazırladığı bu layihə 2021–2024-cü illərdə aparılan çöl tədqiqatlarına, "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" adlı elmi araşdırmaya əsaslanır. Tədqiqatlar zamanı müasir Ermənistan ərazisində azərbaycanlıların əcdadlarının məskunlaşdığı 600-ə yaxın kəndə dair zəngin foto və videomateriallar toplanaraq sistemləşdirilib.
Tarixi mənbələrə əsasən, Amasiya kəndi 1877–1878-ci illər Rus-Türkiyə müharibəsindən öncə Osmanlı imperiyasının Qars sancağının tərkibində yer alıb. Berlin müqaviləsindən sonra Çar Rusiyasının idarəçiliyinə keçən kənd Qars vilayətinə daxil edilib. Statistik göstəricilərə görə, 1914-cü ilə qədər yaşayış məntəqəsində əsasən azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlar məskunlaşıb. Məsələn, 1886-cı ildə kəndin 274 nəfərlik əhalisinin tamamını qarapapaqlar təşkil etdiyi halda, 1914-cü ildə bu rəqəm 564 nəfərə çatıb.
1918-ci ildə İrəvan və ətraf ərazilərin ermənilərə verilməsindən sonra yaradılan birinci Ermənistan Respublikası dövründə, xüsusilə 1919–1920-ci illərdə bölgədəki müsəlman əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib. Bunun nəticəsində 1922-ci il siyahıyaalınmasında Amasiya kəndində azərbaycanlıların sayı kəskin azalaraq 161 nəfərə (ümumi 167 nəfərdən) düşüb. 1921-ci il Qars müqaviləsi ilə sovet Ermənistanının tərkibində qalan kənd, 1930-cu ildən etibarən Ağbaba (sonralar Amasiya) rayonunun inzibati mərkəzinə çevrilib və buraya tədricən ermənilər köçürülüb.
Sovet dövründə 1951-ci ildə adı dəyişdirilərək Qukasyan edilən kəndə 1956-cı ildə yenidən Amasiya adı qaytarılıb. 1980-ci illərin sonuna kimi kənddə soydaşlarımız yaşamağa davam etsələr də, Qarabağ münaqişəsinin başlanması ilə azərbaycanlılar öz doğma yurdlarından tamamilə qovulublar. Son çöl tədqiqatları zamanı kənddəki azərbaycanlı qəbiristanlığında məzar daşlarının sındırıldığı, üzərindəki yazıların və təsvirlərin qəsdən pozulduğu aşkar edilib.
