
İranlı nazirin Azərbaycana qarşı təhsil çağırışının əsl mahiyyəti
İranın elm, tədqiqat və texnologiya nazirinin azərbaycanlı qızlara təhsil vəd etməsi ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir.
AzadAzərbaycan xəbər verir ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə etiraz edərək təhsil hüququndan məhrum olduğunu iddia edən qızlara ölkəsində azad təhsil mühiti yarada biləcəklərini bildirib. O, İran universitetlərinin azərbaycanlı qızları qəbul etməyə hazır olduğunu iddia edib.
Lakin bu açıqlama rəsmi Tehranın ikili standartlarını və Azərbaycana qarşı növbəti təxribat cəhdini açıq şəkildə nümayiş etdirir. İranda on milyonlarla azərbaycanlının illərdir ana dilində təhsil almaq hüququ kobud şəkildə pozulur. Ölkə konstitusiyasında milli dillərin işlədilməsi nəzərdə tutulsa da, reallıqda bu hüquq demək olar ki, tanınmır.
İranlı nazirin azərbaycanlı qızlara azad təhsil vəd etməsi tamamilə əsassızdır. Çünki bu ölkədə təkcə milli azlıqlar deyil, həm də məcburi hicab qaydalarına etiraz edən minlərlə qız təhsil hüququndan məhrum edilir, təqiblərə və zorakılığa məruz qalır. İranda baş verən son illərin etiraz aksiyaları zamanı qızların üzləşdiyi ağır vəhşiliklər hələ də yaddan çıxmayıb.
Ekspertlər hesab edirlər ki, İranın bu cür təşəbbüslərində əsas məqsəd humanitar dəyərlər deyil, ideoloji təsir dairəsini genişləndirmək və dini məsələləri siyasi alətə çevirməkdir. Azərbaycan ictimaiyyəti və gəncləri bu cür təxribat xarakterli çağırışlara qarşı hər zaman ayıq-sayıq olmalıdırlar.




