
Montellanın Fənərbağçadan tələbi bəlli oldu və danışıqlar çətinləşdi
Türkiyənin Fənərbağça klubunun baş məşqçi postu üçün danışıqlar apardığı Vinçenzo Montella ilə rəhbərlik arasında fikir ayrılığı yaranıb.
AzadAzərbaycan xəbər verir ki, İstanbul təmsilçisi Fənərbağçanın yeni baş məşqçi postuna gətirmək istədiyi İtaliya mütəxəssisi Vinçenzo Montella ilə apardığı müzakirələrdə çətinliklər yaşanır.
Qalatasarayla matçdakı məğlubiyyətdən sonra İsmail Kartalla yollarını ayıran sarı-lacivərtlilər son olaraq Türkiyə millisində işləmiş mütəxəssislə təmas qurublar.
Məlumata görə, italyan baş məşqçi klub rəhbərliyindən üçillik müqavilə imzalanmasını tələb edib. Lakin Fənərbağça rəhbərliyinin bu şərtə isti baxmadığı və tərəflər arasında razılığın əldə olunmadığı bildirilir.
Yeni çalışdırıcı təyin olunanadək komandaya Kuytun rəhbərlik edəcəyi gözlənilir. Klubun yaxın günlərdə bu məsələ ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.




