
Özbəkistan Xarici İşlər Nazirliyi İrana etiraz notası təqdim edib
İran səfiri Özbəkistan XİN-ə çağırılıb və səfirliklərin tarixi abidələrlə bağlı paylaşımına görə nota verilib.
AzadAzərbaycan xəbər verir ki, oktyabrın 23-də İranın Özbəkistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim olunub.
Buna səbəb İranın Ermənistan və Zimbabvedəki səfirliklərinin sosial şəbəkələrdəki paylaşımları olub. Belə ki, diplomatik nümayəndəliklər ABŞ dövlət katibi Marko Rubionun Səmərqənddəki Registan meydanı fonunda çəkilmiş kadrlarını yerləşdirərək, tarixi abidələrin memarlıq tağlarının İran-İslam sivilizasiyasına məxsus olduğunu iddia ediblər.
Özbəkistan tərəfi bu cür bəyanatları ölkənin tarixi-mədəni irsinin birtərəfli və siyasiləşdirilmiş şəkildə təfsiri kimi qiymətləndirib.
Nazirlikdən bildirilib ki, Səmərqənd, Buxara, Xivə və digər tarixi şəhərlərin irsi əsrlər ərzində formalaşıb və özbək xalqının qədim tarixini, dövlətçilik ənənələrini əks etdirir. Özbəkistan İran tərəfindən həmin mübahisəli paylaşımların silinməsini və gələcəkdə belə hallara yol verilməməsini tələb edib.




