
Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhmədlə bir sıra aktual məsələləri müzakirə edib.
Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. AzadAzərbaycan xəbər verir ki, spiker qonağı yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Azərbaycana səfər etməsini iki qurum arasında mövcud olan sıx əlaqələrin göstəricisi kimi qiymətləndirib.
Görüş zamanı Azərbaycanın İƏT-in fəaliyyətindəki fəal rolu, eləcə də təşkilatın ölkəmizə həm münaqişə dövründə, həm də postmüharibə mərhələsində göstərdiyi davamlı dəstək xüsusi vurğulanıb. Tərəflər İslam həmrəyliyinin gücləndirilməsi, mədəniyyətlərarası dialoq və parlamentlərarası əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Baş katib öz növbəsində Prezident İlham Əliyevlə görüşündən və ölkəmizdəki inkişaf proseslərindən dərin təəssürat aldığını bildirib. O, Azərbaycanın sülh və sabitliyin qorunmasında dünyaya nümunə olduğunu qeyd edərək, qarşıdan gələn Zəfər Günü ilə bağlı цz təbriklərini çatdırıb.
Söhbətdə həmçinin Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına evsahibliyi edəcəyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlər müzakirə olunub. Qonaq ölkəmizin sədrliyi dövründə təşkilatın fəaliyyətinin daha da güclənəcəyinə inamını ifadə edib.




