
Ukraynanın dəniz döyüşü təcrübəsi Tayvanın müdafiəsində tətbiq oluna bilər
Ukraynanın yaratdığı pilotsuz dəniz donanması və döyüş taktikaları Çinin potensial təhdidlərinə qarşı Tayvan tərəfindən istifadə edilə bilər.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna Rusiyaya qarşı Qara dənizdə apardığı hərbi əməliyyatlar zamanı dünyanın ən qabaqcıl pilotsuz dəniz donanmalarından birini yaradıb və unikal döyüş taktikaları formalaşdırıb.
Məşhur qəzetlərdən birində dərc olunan məqalədə Beynəlxalq Təhlükəsizlik üzrə Serpens Mərkəzinin həmtəsisçisi Katerina Buçatskaya və ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Mark Montqomeri bildiriblər ki, Ukraynanın tətbiq etdiyi bu üsullar Çinin təhdidinə qarşı müdafiə məqsədilə Tayvan tərəfindən də mənimsənilə bilər.
Ekspertlərin fikrincə, Çin adanı güc yolu ilə ələ keçirməyə çalışarsa, minlərlə gəmi və helikopterlə genişmiqyaslı hücum həyata keçirə bilər. Belə bir hücumun qarşısını almaq üçün Tayvana minlərlə pilotsuz aparat lazım olacaq ki, bu da hücum edən qüvvələrin irəliləməsini ləngidə bilər.
Təlimlərin modelləşdirilməsində iştirak edən ukraynalı operatorlar hesab edirlər ki, dumanlı hava və sərt dalğalı dəniz şəraiti pilotsuz aparatların gizlənməsi üçün əlverişli imkan yaradır. Hərbçilər mümkün hücum dalğalarının və sahil bölgələrində dronların gizlədilməsi üçün uyğun yerlərin əvvəlcədən hesablanmasını tövsiyə edirlər.




