
Xəzər dənizinin Pirşağı sahilində suiti cəsədləri aşkarlanıb
Paytaxtın Pirşağı sahilində Xəzər suitilərinin cəsədləri tapılıb. Mütəxəssislər ölüm səbəblərinin araşdırıldığını bildiriblər.
AzadAzərbaycan xəbər verir ki, Xəzər dənizinin Pirşağı sahilində suiti cəsədləri aşkarlanıb. Ölü heyvanların cəsədlərinə sahilboyu müxtəlif ərazilərdə rast gəlinir və onlar ətrafa kəskin, xoşagəlməz qoxu yayır.
Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidovun sözlərinə görə, Xəzər sahillərində suitilərin ölməsinin və sahilə çıxmasının bir neçə ehtimal olunan səbəbi mövcuddur.
O qeyd edib ki, heyvanların tələf olmasının dəqiq səbəbi yalnız müvafiq ekspertiza və laboratoriya müayinələrindən sonra bəlli olacaq. Xəzər suitisi endemik və xüsusi qorunan növ olduğundan, aidiyyəti qurumlar tərəfindən sahilyanı zonalarda nəzarət tədbirləri həyata keçirilir.
Mütəxəssislər vətəndaşlara müraciət edərək xəbərdarlıq ediblər ki, sahilə çıxmış suiti cəsədləri ilə rastlaşdıqda qətiyyən onlara toxunmasınlar.




