
“Atəşgah” Sığorta Qrupunun rəhbərliyi Zəfər abidəsini ziyarət etdi
Zəfər Günü münasibətilə “Atəşgah” Sığorta Qrupunun rəhbər heyəti Zəfər abidəsini ziyarət edərək şəhidlərin xatirəsini yad edib.
AzadAzərbaycan xəbər verir ki, Zəfər Günü münasibətilə “Atəşgah” Sığorta Qrupunun rəhbərliyi Zəfər abidəsini ziyarət edib. Anım mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad olunub.
Ziyarətdə “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov, “Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Xumar İmamverdiyeva və sığorta qrupunun digər rəhbər şəxsləri iştirak ediblər. Tədbir çərçivəsində “Atəşgah” Sığorta Qrupu adından Zəfər abidəsinin önünə gül çələngi qoyulub.
Mərasim iştirakçıları Vətən müharibəsində qazanılan tarixi qələbənin müstəsna əhəmiyyətini bir daha diqqətə çatdırıblar. Bildirilib ki, canları bahasına bu zəfəri bizə bəxş edən şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaq. Ziyarətin sonunda xatirə fotosu çəkdirilib.




