
Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq müraciət ünvanlayıb
Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı İran Prezidenti Məsud Pezeşkiana açıq məktub göndərərək ölkədəki azərbaycanlıların ana dilində təhsil alması üçün addımlar atılmasını istəyib.
Azərbaycan Respublikasının 55 qeyri-hökumət təşkilatının nümayəndələri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. Müraciətdə İran dövlət başçısının Azərbaycan Respublikası ilə mehriban qonşuluq münasibətlərinə, habelə Azərbaycan dilinə və milli-mənəvi dəyərlərinə nümayiş etdirdiyi hörmət yüksək qiymətləndirilib.
AzadAzərbaycan xəbər verir ki, müraciəti imzalayan cəmiyyət nümayəndələri Məsud Pezeşkianın çıxışlarında ana dilində şeirlər oxumasını və Azərbaycan dilinə bağlılığını xüsusi vurğulayıblar. QHT-lər bildiriblər ki, bu həssaslığı nəzərə alaraq, İranda yaşayan milyonlarla azərbaycanlının doğma dildə təhsil almaq hüququnun təmin edilməsi istiqamətində addımların atılmasının vaxtı çatıb.
Açıq məktubda İran Konstitusiyasında nəzərdə tutulmuş ana dilində təhsil imkanlarının reallaşdırılması üçün məktəblərdə Azərbaycan dilinin sistemli tədrisi, müvafiq dərsliklərin hazırlanması, pedaqoji kadrların yetişdirilməsi və təhsil müəssisələrinin yaradılması xahiş olunub. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri bu prosesə hər cür elmi-pedaqoji və mədəni dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıblar.




