
Mehdiabadda təmir səbəbindən iki avtobus marşrutunun yolu dəyişdirildi
Bakının Mehdiabad qəsəbəsində aparılan yol təmir işləri ilə bağlı 147 və 179 nömrəli marşrut avtobuslarının hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib.
AzadAzərbaycan xəbər verir ki, Mehdiabad qəsəbəsində yerləşən 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində təmir-bərpa işləri həyata keçirilir. Bu səbəbdən qeyd olunan ərazidə avtomobillərin və digər nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, tətbiq edilən məhdudiyyətlə əlaqədar 147 və 179 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət istiqamətləri dəyişdirilib.
Təmir prosesi başa çatana qədər 147 nömrəli avtobus metronun "Azadlıq" stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə girmədən müvəqqəti olaraq Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabadın 28 May küçələri ilə hərəkətini davam etdirəcək.
Bununla yanaşı, 179 nömrəli müntəzəm marşrut üzrə avtobusların gediş-gəlişi Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri vasitəsilə təşkil olunub.




