
İlham Əliyev Niderlandın xarici işlər naziri Tom Berendseni qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər naziri Tom Berendsen ilə görüşərək ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.
Dövlət başçısı ötən il Kopenhagendə Niderlandın Baş naziri Dik Sxof ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev səfərin siyasi, diplomatik, iqtisadi və investisiya sahələrində əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətli imkan yaradacağına əminliyini ifadə edib.
Qəbula görə minnətdarlığını bildirən Tom Berendsen ölkəsinin Baş nazirindən əməkdaşlığın genişləndirilməsi ilə bağlı müsbət mesajlar aldığını deyib. Qonaq Yaxın Şərqdəki hadisələr zamanı Niderland vətəndaşlarının və diplomatlarının Azərbaycan vasitəsilə təxliyə edilməsinə göstərilən dəstəyə görə təşəkkür edib. Nazir həmçinin Cənubi Qafqazda sülhün bərqərar olunmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirərək, bunun Avropa üçün də vacib olduğunu vurğulayıb.
Görüşdə Niderland şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər iqtisadi-ticari əlaqələri artırmaq üçün işgüzar nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyini qeyd ediblər.




