
Azərbaycan və Hindistan arasında münasibətlər yeni müstəvidə inkişaf edə bilər
Politoloq Turab Rzayev Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarın Bakıya səfərini şərh edərək iki ölkə arasında əlaqələrin perspektivlərindən danışıb.
Azərbaycan və Hindistan arasındakı müəyyən soyuqluğun uzun müddət davam etməsi qeyri-mümkün idi, çünki bu, süni xarakter daşıyırdı. Tarixən bu iki dövlət arasında həm əlaqələr, həm də normal münasibətlər mövcud olub.
Bu barədə açıqlama verən politoloq Turab Rzayev bildirib ki, istər qədim dövrlərdə, istərs də SSRİ dönəmində ölkələr arasında yüksək səviyyəli mədəni əlaqələr olub. Onun sözlərinə görə, Azərbaycan və Hindistanın açıq şəkildə rəqib olması inandırıcı deyil, çünki onların bölüşə bilmədikləri hər hansı ciddi siyasi və ya iqtisadi problem yoxdur.
Ekspert qeyd edib ki, Azərbaycan uzun müddətdir Hindistandan Rusiyaya istiqamətlənən Şimal-Cənub dəhlizində mərkəzi mövqe tutmağa çalışır. Hindistan tərəfi də öz növbəsində Azərbaycana investisiya yatırmaqda, məhsul ixrac etməkdə və ölkənin geosiyasi imkanlarından faydalanmaqda maraqlıdır.
Yaxın gələcəkdə Azərbaycanla Hindistan arasında iqtisadi və mədəni əməkdaşlığın daha da sürətlə inkişaf edəcəyi gözlənilir.




