
Bakıda dərs saatlarının dəyişdirilməsi tıxac problemini həll edəcəkmi
Paytaxtda nəqliyyat sıxlığını azaltmaq məqsədilə dərslərin başlama vaxtının dəyişdirilməsi təklifi irəli sürülüb. Ekspert Ramin Nurəliyev bu addımın səmərəliliyinə dair fikirlərini bölüşüb.
AzadAzərbaycan xəbər verir ki, Bakıda yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün ümumtəhsil məktəblərində dərslərin başlama saatının dəyişdirilməsi ideyası irəli sürülüb. Lakin təhsil eksperti Ramin Nurəliyev bu addımın tıxac məsələsinin həllinə ciddi fayda verməyəcəyini bildirib. Onun sözlərinə görə, səhər saatlarındakı gərginlik yalnız şagirdlərin təhsil müəssisələrinə getməsi ilə bitmir, həm də valideynlərin onları apardıqdan dərhal sonra iş yerlərinə yollanması ilə əlaqədardır.
Ekspert qeyd edib ki, tədrisin saat 10:00 və ya 11:00-da başlaması da problemi tam aradan qaldırmayacaq. Çünki xüsusilə ibtidai sinif şagirdləri məktəbə sərbəst gedə bilmir və onları mütləq valideynləri müşayiət edir. Dərs saatlarının dəyişdirilməsi valideynlərin iş qrafikində çətinliklərə, işə gecikmələrə və gündəlik rejimlərinin pozulmasına gətirib çıxara bilər.
Bununla yanaşı, Bakıdakı bir çox məktəbin iki növbəli fəaliyyət göstərdiyini xatırladan R.Nurəliyev diqqətə çatdırıb ki, birinci növbənin gec başlaması günortadan sonrakı tədris vaxtını da axşama doğru uzadacaq. Bu hal şagirdlərin ev tapşırıqlarını hazırlamasına və dincəlməsinə maneçilik törədə bilər. Nəticədə tıxaclar sadəcə başqa saatlara keçəcək və problem yenə də həllini tapmayacaq.
Ramin Nurəliyev problemin həlli kimi tədris ocaqlarının dislokasiyasına yenidən baxılmasını təklif edib. Mərkəzi prospektlərdə və metro stansiyalarının yaxınlığında yerləşən bir sıra təhsil müəssisələrinin, xüsusən də bəzi universitetlərin Lökbatan və Xırdalan kimi şəhərkənarı ərazilərə köçürülməsi nəqliyyat yükünü yüngülləşdirə bilər.
Məktəbli avtobuslarının fəaliyyətinin genişləndirilməsini ən vacib addımlardan biri sayan ekspert əlavə edib ki, bu cür xidmətlər valideynlərin fərdi avtomobillərdən istifadəsini məhdudlaşdırar. Həmçinin şənbə günləri məktəblər bağlı olsa da sıxlığın müşahidə edilməsi problemin yalnız orta məktəblərlə bağlı olmadığını göstərir. Ona görə də təkbaşına dərs saatını dəyişmək əvəzinə, məktəb avtobusları və nəqliyyat infrastrukturunu əhatə edən kompleks tədbirlər görülməlidir.
