
ABŞ-da məsciddə silahlı insident zamanı ölən və yaralanan var
Birləşmiş Ştatların Ohayo ştatında yerləşən məscidlərin birində baş verən silahlı atışma nəticəsində bir nəfər həyatını itirib, digəri isə yaralanıb.
AzadAzərbaycan xəbər verir ki, ABŞ-ın Ohayo ştatındakı Kolumbus şəhərində ibadət ocağında silahlı insident qeydə alınıb. Kimliyi hələlik müəyyənləşdirilməyən naməlum şəxs məsciddə insanlara atəş açıb.
Hadisə ilə bağlı ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələrin dövriyyəsinə nəzarət bürosunun (ATF) yerli nümayəndəliyi tərəfindən rəsmi məlumat yayılıb. Qeyd olunub ki, ATF-in Kolumbus üzrə xüsusi agentləri dərhal hadisəyə reaksiya verərək əraziyə cəlb ediliblər.
İlkin məlumatlara əsasən, baş verən atışma nəticəsində ən azı bir nəfər dünyasını dəyişib, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma işləri davam etdirilir.

