
Rusiya İndoneziyaya halal məhsulların ixracını genişləndirməyi hədəfləyir
Rusiya İndoneziya bazarına ət, şirniyyat, kosmetika və içkilər də daxil olmaqla geniş çeşiddə halal sertifikatlı məhsul ixrac etməyi planlaşdırır.
Rusiya İndoneziya bazarına geniş çeşiddə məhsul tədarükünü təşkil etməyi nəzərdə tutur. Bu barədə Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Aleksey Qruzdev bildirib.
Nazir müavininin sözlərinə görə, əsas diqqət ət, şirniyyat, içkilər, kosmetika və parfümeriya kimi halal standartlarına cavab verən məhsullara yönəldilib. Qruzdev qeyd edib ki, yerli bazara daxil olmaq və tədarük həcmini artırmaq məqsədilə həm İndoneziyanın müvafiq qurumları, həm də Rusiyada halal standartları üzrə akkreditasiyadan keçmiş agentliklərlə sıx əməkdaşlıq aparılır.
İndoneziyaya məhsul ixracı zamanı əsas tələbin məhz halal sertifikatlaşdırma olduğunu vurğulayan nazir müavini, rusiyalı içki və alkoqolsuz içki istehsalçılarının da ölkənin ənənələrini nəzərə alaraq fəaliyyət göstərməkdə maraqlı olduğunu deyib. O, gələcəkdə şirələrin, sağlamlıq içkilərinin, kvasın, habelə "Alenka" kimi tanınmış şirniyyat markalarının bu bazarda geniş yer alacağına ümid etdiyini dilə gətirib.
Qeyd olunub ki, cari ildə Rusiyanın qənnadı şirkətləri və aparıcı ticarət şəbəkələri İndoneziyada təşkil edilən ticarət sərgisində təmsil olunublar. Bundan əlavə, Rusiyanın İndoneziyadakı səfirliyi yaxın zamanda iki dövlət arasında sadələşdirilmiş viza rejiminin tətbiq olunacağını açıqlamışdı.
Xatırladaq ki, İndoneziya Prezidenti Prabovo Subianto sentyabrın 3-də Vladivostok şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Rusiyanın ölkəsi üçün mühüm tərəfdaş olduğunu vurğulamış, Putin isə İndoneziyanın Cənub-Şərqi Asiyada əsas tərəfdaşlardan biri kimi strateji əhəmiyyət daşıdığını bildirmişdi.
Xəbəri dostlarınızla paylaşın
