
BMT-də separatçı rejimin Qarabağda törətdiyi cinayətlər diqqətə çatdırılıb
BMT Baş Assambleyasının iclasında Azərbaycan tərəfi keçmiş qondarma rejimin hərbi cinayətləri və mina təhlükəsi barədə bəyanatla çıxış edib.
AzadAzərbaycan xəbər verir ki, BMT Baş Assambleyasının Altıncı Komitəsində silahlı münaqişə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının əlavə Protokollarının statusu müzakirə edilib. Tədbir çərçivəsində çıxış edən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Tofiq Musayev keçmiş işğalçı rejimin törətdiyi qəddarlıqlar və ağır cinayətlər barədə iclas iştirakçılarını məlumatlandırıb.
Azərbaycan diplomatı torpaqların minalanması nəticəsində mülki əhali arasında baş verən ölüm və yaralanma hadisələrinə, həmçinin keçmiş münaqişə dövründən bu günə qədər itkin sayılan minlərlə vətəndaşın taleyinə xüsusi diqqət yetirib. Ölkəmizin beynəlxalq humanitar hüququn əsas prinsiplərinə sadiq qaldığı bir daha vurğulanıb.
Bəyanatda həmçinin keçmiş separatçı rejimin rəhbərlərinin və hərbi komandirlərinin beynəlxalq hüquqa görə ən ağır cinayətlər sayılan əməllərinə görə məsuliyyətə cəlb edildiyi və mühakimə olunduğu bildirilib. Diplomat bu şəxslərin azadlığa buraxılması ilə bağlı irəli sürülən çağırışların heç bir əsasının olmadığını və beynəlxalq hüquq normalarına ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
Səfir Musayev qeyd edib ki, bu cür əməllər ümumbəşəri dəyərlərə zərbə vurduğundan heç bir dövlət cinayətkarları məsuliyyətdən kənarda saxlamaq hüququna malik deyil. O əlavə edib ki, beynəlxalq birlik cəzasızlığa qarşı prinsipial mövqe nümayiş etdirməli, ədalət isə həqiqətlərin bərqərar olması və sülhün təmin edilməsi üçün əsas amil kimi qəbul olunmalıdır.




