
Cared Kuşnerin hesabına Azərbaycan üzərindən 1 milyard dollar köçürülməsi iddiası yayılıb
ABŞ-ın sabiq prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin gizli bank hesabına Azərbaycan vasitəsilə külli miqdarda vəsait köçürüldüyü iddia olunur.
AzadAzərbaycan xəbər verir ki, jurnalist Metyu Koulun Yaxın Şərq siyasəti və Cared Kuşner haqqında qələmə aldığı yeni kitabında diqqətçəkən iddialar yer alıb. Məlumatlara görə, 2017-ci ildə Niderland hərbi kəşfiyyatı Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli bir haker vasitəsilə Kuşnerə aid bəzi gizli bank məlumatlarını əldə edib.
İddiaya əsasən, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəhbərliyi Azərbaycanın bəzi maliyyə institutlarından vasitəçi kimi istifadə edərək İsrail və BƏƏ-dəki gizli hesablara təxminən 1 milyard dollar həcmində vəsait yönəldib. Azərbaycan banklarının bu əməliyyatlarda rial və dirhəmləri ABŞ dollarına çevirməklə komissiya haqqı qazandığı bildirilir.
Lakin sözügedən maliyyə əməliyyatlarında Azərbaycan dövlətinin və ya rəsmi qurumlarının iştirak etdiyini sübut edən heç bir fakt təqdim olunmayıb. Eyni zamanda, prosesdə adı keçən konkret bankların da kimliyi açıqlanmayıb.
Cared Kuşner isə öz növbəsində bu iddiaları qətiyyətlə təkzib edərək, irəli sürülən ittihamların heç bir rəsmi bank sənədi, hesab nömrəsi və ya köçürmə dəlili ilə əsaslandırılmadığını, tamamilə uydurma olduğunu bəyan edib.




