
Ceyhun Bayramov Hindistan XİN rəhbəri ilə müzakirələrin təfərrüatını açıqlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə keçirilən görüşün iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacağını bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla Bakıda keçirilən birgə mətbuat konfransında Hindistan XİN rəhbərinin səfərinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Nazir qeyd edib ki, son illərdə iki dövlət arasında bəzi məsələlərdə mövqe fərqləri mövcud olub və bu durum həm ikitərəfli əlaqələrə, həm də beynəlxalq platformalardakı əməkdaşlığa təsir göstərib. Keçirilən görüş zamanı bütün bu məqamlar açıq və ətraflı şəkildə müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan ilə Hindistan arasında daimi təmasların olduğunu, müxtəlif görüşlərin və telefon danışıqlarının həyata keçirildiyini xatırladıb. O, iki ölkə nümayəndələrinin beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini və son danışıqların gələcək münasibətlərin inkişafına mühüm zəmin yaratdığını vurğulayıb.




