
Corciya Meloni Ukraynaya hərbi yardımın göndərilməsini təxirə saldı
İtaliyanın Ukraynaya təqdim edəcəyi növbəti hərbi yardım paketinin təsdiqi ABŞ-dakı seçkilərin nəticələri gözlənildiyi üçün gecikir.
AzadAzərbaycan xəbər verir ki, İtaliyanın Ukraynaya ayırmağı nəzərdə tutduğu 13-cü hərbi yardım paketinin ünvanına çatdırılması prosesi müvəqqəti olaraq dayandırılıb. Baş nazir Corciya Meloni bu dəstək paketini təsdiqləməkdən ötrü Birləşmiş Ştatlarda keçiriləcək aralıq seçkilərin yekunlarını gözləməyə üstünlük verib.
Məlumatlara görə, rəsmi Roma tərəfindən hazırlanan hərbi yardım paketi artıq tam hazırdır, lakin onun təhvil verilmə cədvəli hələ də dəqiqləşdirilməyib. Yaranan bu gecikmə Meloninin Fransa lideri Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski qarşısında üzərinə götürdüyü bəzi öhdəlikləri sual altındakı qoyur.
Qeyd olunur ki, İtaliyanın hərbi təchizat paketinin ötürülməsi müxtəlif səbəblərdən dəfələrlə təxirə salınıb. Əvvəlcə iyul ayına nəzərdə tutulan addım daha sonra sentyabra, ardınca isə Liqa Partiyasının qurultayından sonraya planlaşdırılsa da, indi seçkilərdən sonrakı dövrə saxlanılıb. Buna baxmayaraq, səsvermə bitdikdən dərhal sonra yardımın yola salınıb-salınmayacağı hələlik qeyri-müəyyəndir.
Bununla yanaşı, İtaliya rəsmiləri Kiyevə edilən yardımların tamamilə dayandırıldığını bəyan etmirlər. Hakimiyyət nümayəndələri Ukraynaya dəstək xəttinin davam etdiriləcəyini vurğulasalar da, dəstəyin dəqiq hansı tarixdə reallaşacağını açıqlamaqdan çəkinirlər.




