
Dövlət İmtahan Mərkəzi fəlsəfə doktoru imtahanları üçün qeydiyyatı elan etdi
DİM doktorantura, dissertantura və adyunkturada təhsil alan iddiaçıların xarici dil, həmçinin əcnəbilərin Azərbaycan dili imtahanları üçün qeydiyyata başlayıb.
AzadAzərbaycan xəbər verir ki, Dövlət İmtahan Mərkəzi doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini başa vuran iddiaçıların xarici dil, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirakı üçün qeydiyyat prosesinə start verib. Namizədlər noyabrın 8-dək qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, göstərilən müddətdə ali təhsil, elmi müəssisə və təşkilatlarda, habelə hərbi təhsil müəssisələrində təhsil alan və ya məzun olan şəxslər DİM-in rəsmi internet saytında şəxsi kabinet yaratmalıdırlar. İmtahanda iştirak etmək istəyənlər kabinetlərinə 110 manat məbləğində vəsait əlavə etməlidirlər və ərizələr təsdiq olunarkən bu məbləğ balansdan silinəcək.
İmtahanlar dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə, yazı və danışıq bloklarından ibarət olmaqla təşkil olunacaq. Xarici dillər üzrə imtahanın noyabrın 22-də, əcnəbilər üçün Azərbaycan dili imtahanının noyabrın 23-də, danışıq blokunun isə noyabrın 26-da keçirilməsi planlaşdırılır. Bütün imtahanlar kompüter vasitəsilə elektron formatda baş tutacaq.

