
Foreign Affairs: Çin iqtisadi siyasətini dəyişmək niyyətində deyil
Çin rəhbərliyi mövcud iqtisadi çətinliklərə baxmayaraq, sənaye və texnologiyaya yönəlmiş strategiyasından əl çəkmək istəmir.
AzadAzərbaycan xəbər verir ki, Çin rəhbərliyi zəif daxili tələb, artan işsizlik və uzun sürən deflyasiya fonunda belə mövcud iqtisadi kursunu dəyişmək fikrində deyil. Pekin hesab edir ki, sənayeyə və qabaqcıl texnologiyalara yatırılan irimiqyaslı investisiyalar ölkəni yeni iqtisadi sıçrayışa aparacaq.
Bununla belə, “Foreign Affairs” jurnalında dərc olunan təhlildə qeyd olunur ki, bu cür strategiya ev təsərrüfatlarının gəlirlərinin azalmasına, ticarət münaqişələrinin şiddətlənməsinə və iqtisadi artımın ləngiməsinə səbəb ola bilər.
Analitiklər vurğulayırlar ki, Çin Kommunist Partiyası istehsalın inkişafına üstünlük verir və texnologiyalara nəzarətin avtomatik olaraq məhsuldarlığı və istehlakı artıracağına inanır. Lakin praktikada böyük dövlət yatırımları əhalinin gəlirlərində gözlənilən artımı təmin etmir, daxili tələbat isə təkliflə ayaqlaşmır.
Həddindən artıq istehsal olunan məhsullar xarici bazarlara aşağı qiymətlərlə çıxarılır ki, bu da digər dövlətlərlə ticarət gərginliyini artırır. Deflyasiya isə biznesin investisiya həvəsini azaldır və istehlakçı inamını sarsıdır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, prioritetlər dəyişməzsə, Çin təhlükəli bir qapalı dövrəyə düşə bilər. Zəif istehlak ölkənin ixracdan asılılığını daha da artıracaq.




