
Ukrayna kəşfiyyatı: Rusiyanın neft emalı zavodlarının yarıdan çoxu dayanıb
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, tətbiq edilən sanksiyalar və zərbələr nəticəsində Rusiyanın əsas neft emalı zavodlarının fəaliyyəti ciddi şəkildə pozulub.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumata əsasən, uzunmüddətli sanksiyalar və hərbi zərbələr Rusiyanın neft emalı sənayesinə milyardlarla dollar ziyan vurub.
2026-cı ilin sentyabr ayının sonuna olan rəqəmlərə görə, ölkədəki 38 əsas neft emalı zavodundan 15-i tamamilə bağlanıb, daha 12 müəssisədə isə istehsal həcmi əhəmiyyətli dərəcədə azaldılıb. Nəticədə ümumi neft emalı həcmi ilin əvvəli ilə müqayisədə 55,4 faiz azalıb.
Volqa, Mərkəzi və Cənub federal dairələrində vəziyyət daha ağır olaraq qalır. "Slavneft-YANOS", Ryazan və Moskva neft emalı zavodları kimi nəhəng müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.
Böhranın miqyasını gizlətmək üçün Vladimir Putin sentyabrın 28-də neft emalı həcmləri barədə məlumatlara çıxışı məhdudlaşdıran fərman imzalayıb. Kəşfiyyat məlumatlarına görə, ümumi ziyan 23,2 milyard dolları ötüb, avadanlıqların bərpası isə 20 milyard dollardan çoxa başa gələ bilər.




