
Gürcüstanda yalan məlumatlar yayan jurnalist barəsində həbs qətimkan tədbiri seçilib
Gürcüstanda “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze dövlətə xəyanət və təxribat ittihamı ilə iki ay müddətinə həbs edilib.
AzadAzərbaycan xəbər verir ki, Gürcüstanda dövlətə xəyanətdə və təxribat törətməkdə ittiham olunan “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib. Məhkəmə iclasında iştirak edən Dito Çubinidze ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
İstintaq materiallarına əsasən, jurnalist ötən gün saxlanılıb. O, 2026-cı ilin fevral ayından etibarən müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə dezinformasiya yayıb.
İstintaq müəyyən edib ki, o, uydurma faktlara əsaslanaraq Gürcüstan Baş nazirinin qonşu dövlətlə bağladığı gizli razılaşma yolu ilə “Keşikçidağ” monastır kompleksinin bir hissəsini Azərbaycana verdiyini iddia edib. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu dörd ilədək həbs cəzası gözləyir.




