
Payızda yaranan daimi şirniyyat istəyi hansı xəstəliklərdən xəbər verir
Payız mövsümündə tez-tez müşahidə edilən yorğunluq, üşümək və şirniyyat arzusu bəzi ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.
Payız aylarında yaranan daimi yorğunluq, üşümək və şirniyyat yemək istəyi hər zaman gün işığının azalması ilə əlaqədar deyil. Bu cür əlamətlər orqanizmdə baş verən müəyyən patologiyaların xəbərçisi ola bilər.
Mütəxəssislərin bildirdiyinə görə, həmin simptomlar kompleks şəkildə qiymətləndirilməlidir. Zərurət yarandığı təqdirdə, qalxanabənzər vəzinin fəaliyyətini yoxlamaq və dəmir defisitini aşkar etmək üçün müvafiq tibbi müayinələrdən keçmək tövsiyə olunur.
Məsələn, qalxanabənzər vəzin lazım olan miqdarda hormon sintez etmədiyi hipotireoz zamanı maddələr mübadiləsi xeyli ləngiyir. Nəticəsində daimi yorğunluq, yuxululuq, dəri quruluğu, soyuğa qarşı həssaslıq və diqqət dağınıqlığı müşahidə edilir.
Bəzən isə qida qəbulundan dərhal sonra şirniyyata olan tələbatın artması, halsızlıq və çəki artımı insulin müqavimətinin əlaməti ola bilər. Payızda soyuq hava və qapalı məkanlardakı isitmə sistemləri dərinin daha da qurumasına səbəb olur.
Saç tökülməsinin artması adətən mövsümi dəyişikliklərlə izah edilsə də, bəzi hallarda bu problem keçirilmiş infeksiyalar, ağır streslər, əməliyyatlar və ya ani çəki itkilərindən sonra da ortaya çıxa bilər.




