
Rusiya və Ukrayna qoşunları yeraltı boru kəmərlərində döyüşür
Hərbçilər dron nəzarətindən yayınmaq üçün sovet dövründən qalan yeraltı boru kəmərlərindən gizli marşrut və sığınacaq kimi istifadə edirlər.
Rusiya və Ukrayna Silahlı Qüvvələrinin bölmələri pilotsuz uçuş aparatlarının nəzarətindən qaçmaq və düşmənin arxa cəbhəsinə sızmaq məqsədilə yeraltı boru kəmərlərinə üz tutublar. Kupyansk yaxınlığında Ukraynanın 13-cü “Xartiya” briqadasının hərbçiləri sığınacaq kimi istifadə olunan kommunikasiya xəttlərində rus qüvvələrinə qarşı xüsusi əməliyyat həyata keçirirlər.
Təxminən 1,2 metr diametrə malik boruların daxilində tərəflər barrikadalar qurur, mövqelər yaradır və döyüşlər son dərəcə yaxın məsafədə baş verir. İlkin mərhələdə Ukrayna bölmələri boru çıxışlarını artilleriya və hava zərbələri ilə sıradan çıxarmağa çalışsa da, Rusiya qoşunları tez bir zamanda yeni keçidlər qazmağa müvəffəq olublar.
Qalın polad və torpaq qatı yeraltı qurğuların məhv edilməsini çətinləşdirdiyi üçün Ukrayna ordusu partlayıcı maddələr və uzaqdan idarə olunan pulemyotlarla təchiz olunmuş yerüstü dronlara üstünlük verir. “Xartiya” briqadasının yaydığı məlumata görə, bu əməliyyatlar nəticəsində xeyli sayda rus hərbçisi zərərsizləşdirilib və əsir götürülüb.
Hava məkanında dronların həddindən artıq çoxalması hər iki tərəfin hərbi taktikasını kökündən dəyişib. Daimi aşkarlanma təhlükəsi qoşunları məcburən yeraltına yönəldir, nəticədə mövcud infrastruktur ayrı bir döyüş meydanına və gizli hərbi qərargahlara çevrilir.




