
Bakıda yeni parkın salınması zamanı qaydanı pozan işçi vəzifəsindən azad edilib
Bakının Nəsimi rayonunda salınacaq yeni park ərazisində qəzalı ağacın kəsilməsi zamanı aqrotexniki qaydaları pozan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı işdən qovulub.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, Nəsimi rayonunun 28 May küçəsində, "The Ritz-Carlton Baku" mehmanxanasına qədər olan 10 hektara yaxın sahədə yeni parkın salınması üçün hazırlıq işləri start götürüb. Ərazidə aparılan ilkin baxış zamanı kök sistemi zəif olan və aşma riski yaradan keçmiş qovaq ağaclarının götürülməsi, əvəzində isə müasir yaşıllıq zolağının və yeraltı avtomobil dayanacağının inşası nəzərdə tutulur.
Bununla belə, ərazidəki işlər zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçisi tərəfindən aqrotexniki normaların pozulması faktı müəyyən edilib. Ağacın daxildən çürüməsinə və qəzalı vəziyyətdə olmasına baxmayaraq, kəsilmə prosesində müəyyən olunmuş qaydalara riayət edilməsi məcburi tələb hesab olunur.
Aşkar olunmuş nöqsanla bağlı dərhal müvafiq tədbirlər görülüb və işində səhlənkarlığa yol verən əməkdaş tutduğu vəzifədən azad edilib. Eyni zamanda, qurumun digər işçilərinə sakinlər arasında aparılan təhlükəsizlik və maarifləndirmə tədbirlərini daha da gücləndirmək tapşırılıb.




