
ABŞ seçiciləri arasında Donald Tramp administrasiyasından narazılıq güclənir
Birləşmiş Ştatlarda seçicilər arasında qiymət artımı, iqtisadi çətinliklər və korrupsiya halları fonunda narazılıq dalğası genişlənir.
Birləşmiş Ştatlarda vətəndaşlar Prezident Donald Trampın administrasiyasının fəaliyyətindən, xüsusilə də mövcud korrupsiya hallarından narahatlıq keçirirlər. Bahalaşma tendensiyası və cəmiyyətdə kifayət qədər dəstək qazanmayan İrandakı hərbi əməliyyatlar fonunda hakimiyyətə qarşı etirazlar daha da güclənir.
Aparılan ictimai rəy sorğusunun nəticələrinə görə, qeydiyyatdan keçmiş seçicilərin təxminən 69 faizi, hətta 2024-cü ildə Donald Trampa səs verənlərin yarıdan çoxu Ağ Evdə etik normaların pozulmasından narahatdır. Respondentlərin mühüm bir hissəsi mövcud korrupsiyanı əvvəlki dövrlərlə müqayisədə daha qabarıq problem kimi qiymətləndirir.
İqtisadi çətinliklərin dərinləşməsi və inflyasiyanın sürətlənməsi əhalinin maddi rifahına mənfi təsir göstərir. Xüsusilə İrandakı müharibənin təsiri ilə yanacaq xərclərinin kəskin artması vətəndaşların gündəlik xərclərinə ciddi zərbə vurub.
Son rəqəmlərə əsasən, iştirakçıların əksəriyyəti ilin əvvəlindən bəri dolanışıq şəraitinin pisləşdiyini dilə gətirib. Onların əhəmiyyətli bir qismi isə yaranmış maliyyə böhranı səbəbindən ərzaq və digər zəruri məhsulların xərclərini məcburi şəkildə azaltmaq zorunda qalıb.




