
Sabah FK Azərbaycan çempionatında tarixi rekordu təkrarlayıb
Misli Premyer Liqasının ilk 8 matçında cəmi 1 qol buraxan Sabah komandası ölkə çempionatlarının rekorduna şərik olub.
AzadAzərbaycan xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən "Sabah" futbol klubu müdafiə xəttində göstərdiyi inamlı oyunla ölkə çempionatlarının tarixi rekordunu təkrarlayıb.
Peşəkar Futbol Liqasının məlumatına əsasən, paytaxt təmsilçisi mövsümün arxada qalan 8 qarşılaşmasında qapısından cəmi 1 top buraxıb. Orta hesabla hər matça 0,125 qol buraxan komanda bu göstərici ilə çempionat tarixinin ən yaxşı nəticələrindən birinə imza atıb.
1992-ci ildən bəri təşkil edilən Azərbaycan çempionatlarında ilk 8 oyunda öz qapısında yalnız 1 qol görən 5-ci komanda olan "Sabah", həm də son 10 mövsümdə bu göstəriciyə nail olan ilk kollektivdir. Analoji nəticəni sonuncu dəfə 2016/2017 mövsümündə "Qəbələ" göstərmişdi.
Qeyd edək ki, sözügedən rekordu ilk dəfə 2001/2002 mövsümündə "Neftçi" müəyyənləşdirib. Daha sonra bu uğuru 6 il sonra AZAL, 9 il sonra isə "Xəzər Lənkəran" klubu təkrarlamağı bacarmışdı.




