
İranlı nazirin Azərbaycana qarşı təhsil iddiası və onun arxasında duran əsl məqsədlər
İranın elm, tədqiqat və texnologiya nazirinin Azərbaycandakı məktəbli geyimi qaydalarına qarşı çıxaraq qızları İrana dəvət etməsi ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir.
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara ölkəsində azad təhsil mühiti yarada biləcəklərini bildirib. Onun bu açıqlaması Azərbaycanın daxili işlərinə açıq şəkildə müdaxilə etmək cəhdi olaraq qiymətləndirilir və İranın dini məsələləri siyasi alətə çevirmək siyasətinin davamı kimi dəyərləndirilir.
Birincisi, İranda illərdir milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququ kobud şəkildə pozulur. Ölkə konstitusiyasında yerli dillərin istifadəsi nəzərdə tutulsa da, reallıqda bu hüquq təmin olunmur. İranlı nazir həqiqətən də təhsil hüququnun qorunmasında maraqlıdırsa, əvvəlcə öz ölkəsində yaşayan azərbaycanlıların ana dilində oxumaq imkanlarını yaratmalıdır.
İkincisi, İranda mövcud olan sərt rejim və azadlıqların məhdudlaşdırılması fonunda azad təhsil mühitindən danışmaq qeyri-mümkündür. Bu ölkədə təkcə milli hüquqlar deyil, həm də hicab məcburiyyətinə və sərt qadağalara etiraz edən qızların təhsil almaq hüququ əllərindən alınır, hətta onlar ağır təqiblərə məruz qalırlar. Keçmiş illərdə baş verən etiraz aksiyaları zamanı qızların üzləşdiyi təzyiqlər İran təhsil sisteminin və rejiminin gerçək simasını açıq şəkildə göstərir.
Üçüncüsü, iranlı nazirin bu cür çağırışlarının əsas məqsədi heç də təhsil vermək deyil, əksinə, müəyyən ideoloji maraqlara xidmət edən şəbəkələr formalaşdırmaqdır. Ötən illərdə Azərbaycana qarşı yönəlmiş bəzi radikal qruplaşmaların və təsir mexanizmlərinin yaradılması bu siyasətin tərkib hissəsidir. Azərbaycan cəmiyyəti bu cür təxribat xarakterli çağırışlara qarşı hər zaman ayıq-sayıq olmalıdır.




