
Kino tarixinin ən yaxşı avtomobili məlum olub
Ceyms Bond filmlərindən tanınan əfsanəvi Aston Martin DB5 kinematoqrafiya tarixinin ən yaxşı avtomobili seçilib.
AzadAzərbaycan xəbər verir ki, məşhur kinolarda yer almış nəqliyyat vasitələri arasında aparılan reytinq qiymətləndirməsinin qalibi müəyyənləşib. Siyahının başında Ceyms Bond franşizasının ayrılmaz hissəsinə çevrilən Aston Martin DB5 qərarlaşıb.
Mütəxəssislər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilən bu modelin klassik dizaynı illər keçməsinə baxmayaraq öz aktuallığını qoruyub saxlayır. Avtomobil və agent obrazı bir-biri ilə sıx bağlıdır.
Reytinqin ilk beşliyinə digər məşhur ekran əsərlərinin nəqliyyat vasitələri də daxil edilib. İkinci pillədə Ferris Buellerin istirahət günü komediyasındakı Ferrari 250 GT Kaliforniya Spyder qərarlaşıb.
Üçüncü yeri 1968-ci ildə çəkilmiş Bullit filmindən yaşıl rəngli Ford Mustang GT tutub. Həmin lentdəki təqib səhnələri hələ də kino tarixinin ən yaxşı epizodlarından biri hesab olunur.
Siyahının davamında Betmen filmlərindən tanınan Betmobil və Gələcəyə qayıdış layihəsinin simvoluna çevrilən DeLorean DMC-12 qərarlaşaraq ilk beşliyi tamamlayıb.




