
Məleykə Abbaszadə məzunların ixtisas seçimi və imtahan stresi barədə araşdırmanı açıqlayıb
DİM sədrinin paylaşdığı araşdırma nəticələrinə görə, məzunların yalnız 3,2 faizi ixtisas seçərkən istisna olaraq öz şəxsi maraqlarına istinad edir.
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında məzunların ixtisas seçiminə təsir edən faktorlarla bağlı DİM psixoloqlarının apardığı tədqiqatın nəticələrini bölüşüb.
Sorğu məlumatlarına əsasən, cari ilin məzunlarının cəmi 3,2 faizi peşə seçimi zamanı sırf şəxsi maraqlarını ön plana çəkib. İştirakçıların 41,8 faizi maraqlarını gələcək karyera, gəlir və sosial statusla uzlaşdırdığı halda, 31,2 faizi ailə gözləntiləri və topladıqları bal kimi xarici faktorlara üstünlük verib. Qalan 23,4 faiz gənc isə sırf praqmatik səbəblərə — gəlir və statusa əsaslanaraq seçim edib.
AzadAzərbaycan xəbər verir ki, tədqiqat zamanı diqqətçəkən digər bir məqam ailənin və xarici şərtlərin təsiri altında seçim edən gənclərin imtahan zamanı daha böyük psixoloji gərginlik və stres keçirmələridir. Bu cür gənclər imtahan prosesinin onlar üçün daha çətin keçdiyini vurğulayıblar.
DİM sədri qeyd edib ki, valideynlərin övladları üçün gəlirli və perspektivli peşə arzulaması təbii olsa da, gəncin öz şəxsi bacarıqları və istəkləri arxa plana atılmamalıdır. Peşə seçimi sadəcə ali məktəbə daxil olmaq deyil, gələcək həyat yolunu müəyyənləşdirməkdir. Bu səbəbdən gənclərə dəstək göstərərkən onların harada xoşbəxt olacaqlarını soruşmaq vacibdir.
