
Məşhur Dakar rallisi uzun fasilədən sonra yenidən Afrikaya qayıdır
Yaxındakı münaqişələr səbəbindən məşhur Dakar rallisi 2027-ci ildə Səudiyyə Ərəbistanından Afrikaya köçürüləcək.
AzadAzərbaycan xəbər verir ki, əfsanəvi Dakar rallisi 2027-ci ildə yenidən Afrika qitəsinə qayıdacaq. Yaxın Şərqdə yaşanan münaqişələr səbəbindən tədbir təşkilatçıları yarışı Səudiyyə Ərəbistanından başqa əraziyə köçürmək qərarına gəliblər.
Müsabiqə Portuqaliyada start götürəcək və marşrutun əsas hissəsi Mərakeş ərazisindən keçəcək. 49-cu Dakarın yanvarın 9-da Portuqaliyanın cənubunda yerləşən Lule şəhərində başlaması nəzərdə tutulur. İştirakçılar proloqu və ilkin mərhələni Avropada tamamladıqdan sonra Aralıq dənizini keçərək mübarizəni Şimali Afrikada davam etdirəcəklər.
Mərakeşdə 11 mərhələni gerçəkləşdirəcək idmançıların marşrutunun ümumi uzunluğu 7824 kilometr olacaq. Afrika qitəsində ilk düşərgə ölkənin şimal-şərqindəki Buarfa şəhərində qurulacaq. Daha sonra yol Atlas dağları boyunca cənula uzanacaq və iştirakçılar istirahət gününü Aqadirdə keçirdikdən sonra səhra zonalarına yollanacaqlar.
Tədbirin direktoru Devid Kastera əsl Dakar hazırladıqlarını vurğulayıb. Sıx hazırlıq qrafikinə rəğmən, təşkilatçılar yarışın yüksək səviyyədə baş tutacağına əmindirlər. Hazırda bu mötəbər yarış üçün artıq 350 iştirakçının qeydiyyatdan keçdiyi bildirilir.




