
Ermənistan və Gürcüstan sərhədlərin delimitasiyası üçün razılığa gəlib
İrəvanda Ermənistan və Gürcüstanın sərhəd məsələləri üzrə komissiyalarının görüşü keçirilib, delimitasiya prosesinin davam etdirilməsi müzakirə olunub.
AzadAzərbaycan xəbər verir ki, Ermənistan və Gürcüstan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı razılıq əldə ediblər.
Noyabrın 6-da İrəvanda baş tutan görüşə iki ölkənin sərhəd məsələləri üzrə komissiyaları həmsədrlik edib. Danışıqlarda Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya iştirak ediblər.
Tərəflər bir neçə illik fasilədən sonra komissiyaların fəaliyyətinin bərpasını müsbət dəyərləndirərək, sərhədlərin müəyyənləşdirilməsinin mehriban qonşuluq münasibətlərinə töhfə verəcəyini vurğulayıblar.
İclas zamanı həmçinin prosesin hüquqi əsasları, əvvəllər razılaşdırılmış protokollar və gələcəkdə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.




