
Putin Skandinaviya liderləri ilə danışığında orta əsrlər tarixindən bəhs edib
Rusiya Prezidenti Vladimir Putin Skandinaviya ölkələrinin rəhbərləri ilə telefon danışığı zamanı diqqətini daha çox tarixi məsələlərə yönəldib.
Rusiya Prezidenti Vladimir Putin Skandinaviya dövlətlərinin rəhbərləri ilə baş tutan telefon danışığının mühüm hissəsini orta əsr slavyanlarının tarixi haqqında mühazirəyə həsr edib. Bu barədə xarici kütləvi informasiya vasitələri məlumat yayıb.
Bildirilir ki, Rusiya dövlət başçısı münaqişənin dayandırılması yollarını müzakirə etmək əvəzinə, Kremlin "münaqişənin köklü səbəbləri" adlandırdığı mövzuda uzun nitq söyləyib. Ukrayna tərəfinin əsas tələbi sayılan dərhal atəşkəs məsələsi isə demək olar ki, diqqətdən kənarda qalıb. Skandinaviya liderləri Moskva rəhbərliyinin Avropa ilə dialoqda nə dərəcədə səmimi olduğunu anlamaq üçün onun sözünü kəsməməyi üstün tutublar.
Bununla belə, Norveçin Baş naziri Yonas Qar Störe yayılan xəbərlərə münasibət bildirərək onları təkzib edib. O qeyd edib ki, Putin sadəcə mövcud vəziyyətə dair öz mövqeyini bölüşmək istəyib və bu çərçivədə 2014-cü ildən indiyədək baş verən hadisələri xatırladıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon vasitəsilə müzakirələr aparmışdı.




