
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birincilikləri başa çatdı
Milli Gimnastika Arenasında təşkil olunan akrobatika və aerobika gimnastikası üzrə növbəti ölkə birinciliklərinə yekun vurulub.
AzadAzərbaycan xəbər verir ki, oktyabrın 27-si və 28-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi baş tutub.
İkigünlük yarış çərçivəsində respublikanın müxtəlif idman klublarını təmsil edən idmançılar müxtəlif yaş kateqoriyalarında və proqramlarda ustalıqlarını nümayiş etdiriblər. Turnirin sonuncu günündə akrobatika gimnastikası üzrə kiçiklər, uşaqlar və yeniyetmələr qadın cütlükləri, qadın qrupları və qarışıq cütlüklər heyətində temp və qarışıq hərəkətlər üzrə güclərini sınayıblar.
Günün ikinci yarısında baş tutan aerobika gimnastikası yarışlarında uşaqlar, yeniyetmələr və gənclər üçlük, qarışıq cütlük və qrup proqramlarında dinamik və ritmik çıxışlar təqdim ediblər.
Yarışların sonunda qaliblərə müvafiq yaş kateqoriyalarına uyğun olaraq diplom və medallar təqdim olunub.




