
İrəvandan qalxan sərnişin təyyarəsi havada SOS siqnalı verib
İrəvan-Mineralnıye Vodı reysi ilə hərəkət edən Rusiya təyyarəsi uçuşdan az sonra təhlükə siqnalı göndərərək geriyə qayıdıb.
Ermənistanın İrəvan şəhərindən Rusiyanın Mineralnıye Vodı məntəqəsinə istiqamətlənən təyyarə havalandıqdan təxminən 15 dəqiqə sonra SOS siqnalı verib.
Rusiyanın "Azimut" aviaşirkətinə aid sərnişin təyyarəsinin heyəti yaranmış nasazlıq barədə məlumat verdikdən dərhal sonra İrəvandakı Zvartnots hava limanına qayıtmaq qərarı alıb.
İlkin ehtimallara əsasən, hava gəmisinin göyərtəsində 108 nəfərə yaxın sərnişin olub. Uçuşların izlənməsi sistemlərinin göstəricilərinə görə, təyyarə eniş etməzdən əvvəl aeroport üzərində müəyyən müddət dövrə vurub.
AzadAzərbaycan xəbər verir ki, fövqəladə halın yaranma səbəbləri və hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.




