
Tanınmış müğənni Tacir Şahmalıoğlu mədəkiçiltmə əməliyyatı etdirdiyini etiraf edib
Səhhətində yaranan problemlər səbəbindən əməliyyat olunan tanınmış müğənni Tacir Şahmalıoğlu mədəkiçiltmə əməliyyatı etdirdiyini açıqlayıb.
Səhhətində yaşadığı çətinliklərdən sonra yenidən efirlərə qayıdan tanınmış müğənni Tacir Şahmalıoğlu xeyli çəki atması ilə diqqət çəkib. Sənətçi qatıldığı televiziya proqramında səhhətinin tədricən yaxşılaşdığını və özünü daha gümrah hiss etdiyini bildirib.
İfaçı qeyd edib ki, əksəriyyət sağlamlıq problemləri ilə üzləşir və xəstəliklərdən heç kim sığortalanmayıb. Onun sözlərinə görə, bəzi səhvlərə yol verdiyi üçün müalicədə bir qədər gecikib.
Şəkər xəstəliyindən əziyyət çəkdiyini vurğulayan müğənni ayaqlarında qaralmalar və görmə qabiliyyətində zəifləmə yarandığını deyib. Məhz bu səbəbdən Türkiyəyə üz tutduğunu və həkimlərin məsləhəti ilə mədəkiçiltmə əməliyyatı keçirdiyini etiraf edib.




