
Yoqa ilə məşğul olmaq həyat keyfiyyətini və sağlamlığı yüksəldir
Gündəlik həyatın gərginliyindən qurtulmağın və sağlamlığı qorumağın ən effektiv yollarından biri məhz yoqadır.
Ağır iş rejimi və gündəlik problemlər insan sağlamlığında və psixologiyasında müəyyən izlər buraxır. Bu cür şəraitdə xoşbəxt olmaq çətinləşdiyindən, əsəb və gərginlikdən azad olmağın ən sağlam üsullarından biri kimi yoqa önə çıxır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent Gülbaba Quliyev bildirib ki, Hind fəlsəfəsindən gələn bu anlayış sağlamlıq və rahatlığın açarıdır. Yoqa hər hansı bir dini inanc deyil, insanın özünü dərindən tanımağı və təbiətin harmoniyasına uyğunlaşmasıdır. Bu fəlsəfənin əsas məqsədi ziddiyyətləri aradan qaldıraraq daxili hissləri bir yerə toplamaqdır.
Mütəxəssis qeyd edir ki, yoqaya başlamazdan əvvəl düzgün duruş və nəfəsalma texnikasını mənimsəmək vacibdir. Nəfəs burundan alınmalı, üz və bədən əzələləri gərilməməlidir. Səhərlər ayaqüstü, axşamlar isə oturaq hərəkətlərin edilməsi günün yorğunluğunu çıxarmağa və rahat yuxu almağa kömək edir.
Hər gün ən azı 15-20 dəqiqə yoqaya vaxt ayırmaq həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Düzgün nəfəsalma texnikası ürək döyünməsini stabilləşdirir, qan təzyiqini və dövranını normallaşdırır, həmçinin depressiya və panika kimi əlamətləri aradan qaldırır.




