
Ukrayna səmasında yeni təhlükə: Rusiyanın “Filin” raketi müzakirə olunur
Moskvanın yeni “Filin” kruiz raketi Ukrayna üçün ciddi təhlükə yaradır. Hərbi ekspertlər bu silahın texniki imkanlarını və üstünlüklərini qiymətləndirirlər.
AzadAzərbaycan xəbər verir ki, Moskvanın yeni “Filin” kruiz raketi Ukraynada hava hücumundan müdafiə sistemi üçün potensial ciddi təhlükə kimi müzakirə olunur. Xüsusilə kütləvi şəkildə istifadə olunarsa, bu silahın yaratdığı risklər daha da artır.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, raket saatda 800 kilometr sürətlə uçur, 1200 kilometrə qədər məsafəni qət edə bilir və çəkisi 100 kiloqrama qədər olan döyüş hissəsini daşıyır. Onun əsas xüsusiyyəti isə həddindən artıq aşağı hündürlüklərdə hərəkət etməsidir.
Sürət, manevr qabiliyyəti və gücü baxımından “Filin” digər vasitələri qabaqlayır. Nisbətən ucuz reaktiv mühərrikli və yerüstü buraxılışlı bu raketin əsas elementləri 3D printerdə çap olunur.
Qeyd edək ki, hərbi əməliyyatlar zamanı bu cür məlumatların tam dəqiqliyini hər zaman təsdiq etmək mümkün olmur.




