
Tovuzda qanlı insident: Bir nəfər ölüb, digəri xəstəxanaya yerləşdirilib
Tovuz rayonunda qeydə alınan hadisə nəticəsində bir nəfər həyatını itirib, digər şəxs isə xəstəxanaya çatdırılıb.
AzadAzərbaycan xəbər verir ki, Tovuz rayonunda ölümlə nəticələnən ağır hadisə baş verib, digər bir şəxs isə xəstəxanaya yerləşdirilib.
İnsident oktyabrın 24-də saat 23:50 radələrində rayonun Heydər Əliyev prospektində, beşmərtəbə adlanan ərazidə qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə daxil olan çağırış əsasında dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Tibbi heyətin baxışından sonra şəxsiyyəti hələlik məlum olmayan bir kişinin həkiməqədər ölüm faktı rəsmiləşdirilib.
Digər zərərçəkən isə huşsuz vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. O, özünə gəldikdən sonra evə buraxılıb.
Hələlik hadisənin başvermə səbəbləri barədə rəsmi məlumat verilməyib.




