
Yasamal və Abşeronun bəzi ünvanlarında işıq fasiləsi olacaq
Paytaxtın Yasamal rayonunda və Abşeron yarımadasının Masazır qəsəbəsində aparılacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
AzadAzərbaycan xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisindəki transformator məntəqəsində təmir və hava xətlərində naqillərin yenilənməsi işləri həyata keçiriləcək. Eyni zamanda, Abşeron RETSİ-nin balansındakı Masazır yarımstansiyasından qidalanan xətlərdə də bərpa tədbirləri nəzərdə tutulub.
Görüləcək zəruri təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonunda Abbas Mirzə Şərifzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, Müzəffər Həsənov, Ümid Əkbərov və Zahid Xəlilov küçələrinin müəyyən hissələrində səhər saatlarından etibarən elektrik enerjisinin verilişi dayandırılacaq. Həmçinin yenidənqurma tədbirləri çərçivəsində Xaqan Dadaşov, Kamal Rəhimov, Murad Mirzəyev, Mir Möhsün Nəvvab, Nazim Hacıyev və Rahib Tağıyev küçələrində də planlı fasilələr qeydə alınacaq.
Bununla yanaşı, Abşeron rayonunun Masazır qəsəbəsinin Azadlıq, İstiqlaliyyət, Qara Qarayev, Sahil küçələrində və Zəngilan şəhərciyinin ərazisində də enerji təchizatında qısamüddətli məhdudiyyətlər olacaq.
Məsul qurumdan bildirilib ki, planlaşdırılan təmir və yenidənqurma prosesləri başa çatan kimi abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı bərpa olunacaq.




